Keçid linkləri

2025, 04 İyul, Cümə, Bakı vaxtı 21:23

İranda edamların artacağı ilə bağlı narahatlıq var, səbəb...


İran parlamenti
İran parlamenti

Həftəsonu İran parlamenti casusluq və düşmən xarici hökumətlərlə əməkdaşlığa görə cəzaları ciddi şəkildə sərtləşdirən qanun layihəsini qəbul edib. Qanun xüsusilə İsrail və ABŞ ilə bağlı fəaliyyətləri hədəfə alır. Hüquq ekspertləri və insan hüquqları təşkilatları xəbərdarlıq edir ki, qanunun geniş tərifi və nəzərdə tutulan ağır cəzalar əvvəllər daha yüngül sayılan, hətta casusluq hesab olunmayan fəaliyyətlərə görə də kütləvi həbslərə və edamlara səbəb ola bilər.

Bu qanunun qəbul edilməsi İranla İsrail və ABŞ arasında baş vermiş qısa, lakin gərgin qarşıdurmadan sonraya təsadüf edir. Bu müddət ərzində İran hakimiyyəti İsrailin xeyrinə casusluqda ittiham olunan bir neçə şəxsi artıq edam edib və yüzlərlə insanı həbs edib.

Qanun layihəsində İsrail, ABŞ və ya digər düşmən dövlətlərə casusluq və onlarla əməkdaşlıq "yer üzündə fitnə-fəsad törətmək" kimi təsnif edilir ki, bu ittiham da İran qanunvericiliyinə görə, ölüm cəzası ilə nəticələnir.

Xarici media ilə şəkil və ya video paylaşmaq, yalan xəbər yaymaq və ya hakimiyyətin milli təhlükəsizlik və ictimai mənəviyyata təhdid saydığı məzmun hazırlamaq da cinayət sayılır. Bu kimi əməllərə görə cəzalar uzunmüddətli həbsdən edama qədər dəyişir.

Sənəd həmçinin "Starlink" peyk internet cihazlarının istifadəsi, saxlanması, satışını açıq şəkildə cinayət hesab edir. "Starlink" terminalına sahib olmaq və ya istifadə etmək altı aydan iki ilə qədər həbslə nəticələnə bilər. Səlahiyyətlilər narahatdır ki, "Starlink" xarici kəşfiyyat, xüsusən də İsrail və ABŞ ilə gizli əlaqə yaratmağa imkan verir və məlumat ötürülməsində dövlət nəzarətini qeyri-mümkün edir.

İsrail kəşfiyyatı yeni ideyalar axtarır - casus texnologiyasına
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

İsraillə son müharibə bu ölkənin kəşfiyyat xidməti "Mossad"ın İranda nə qədər dərin nüfuz etdiyini üzə çıxarıb. İsrailin xarici kəşfiyyat xidməti İranın təhlükəsizlik aparatına qarşı açıq üstünlük nümayiş etdirib və, görünür, bu da qanunun qəbuluna təkan verən əsas amillərdən biri olub.

Sözügedən qanun layihəsinin qüvvəyə minməsi üçün İranın konstitusiyaya nəzarət orqanı olan Keşikçilər Şurası tərəfindən təsdiqlənməlidir.

Qanun layihəsi ilə bağlı fikirlər

Qanun layihəsini parlament yekdilliklə qəbul edib. Lakin hüquq ekspertləri və insan haqları qrupları tərəfindən geniş şəkildə tənqid olunub.

Tehranda yaşayan vəkil Möhsün Borhani X platformasındakı paylaşımında bildirib ki, qanun layihəsinin qəbulu "çirkin zarafatdır" və onun məzmunu hüquqi və dini prinsipləri pozur.

Hüquqşünaslar qrupu "Dadban" qanun layihəsi ilə bağlı narahatlığını ifadə edərək bildirib ki, bu, əvvəllər cəzalandırılmayan əməllərə, məsələn, "quruluş əleyhinə təbliğat" və ya "düşmən media" ilə əməkdaşlığa görə ölüm cəzasına icazə verir.

Qeyd edilib ki, qanun layihəsində "casusluq" və "düşmənlərlə əməkdaşlıq" anlayışlarının qeyri-müəyyən tərifləri təqdim edilir və bu, fəalları və jurnalistləri potensial təhlükə altında qoyur.

Babək Dorbeyki
Babək Dorbeyki

Siyasi analitik Babək Dorbeyki AzadlıqRadiosunun "Fərda" xidmətinə verdiyi açıqlamada qanun layihəsinin qəbulunun "şokedici" olduğunu və əvvəlcə bunun İsraillə müharibəyə qarşı reaksiya olduğunu düşündüyünü söyləyib. "Ancaq qanun layihəsini oxuyanda bunun qisas almağın qəribə bir üsulu olduğunu başa düşürsən", - o deyib.

Dorbeykinin sözlərinə görə, qanun layihəsi həm də hakimiyyətdəkilərə öz tənqidçilərini hədəfə almağa və onları zərərsizləşdirməyə imkan verəcək.

"Bu, təkcə İslam Respublikasını tənqid edənlər üçün deyil, həm də islah etmək istəyən tərəfdarlar üçün təhlükəli olacaq", - o əlavə edib.

"Bu qanun layihəsi, əsasən, cinayət hüququ prinsiplərinə, şiə hüququna və konstitusiyaya ziddir", - hüquq eksperti Moin Xəzaeli "Radio Fərda"ya bildirib.

Yazı AzadlıqRadiosunun əməkdaşı Kian Şərifi tərəfindən hazırlanıb.

XS
SM
MD
LG