Keçid linkləri

2025, 04 İyul, Cümə, Bakı vaxtı 18:29

Rusiya Azərbaycandan pomidor idxalını dayandırarsa...


Azərbaycan-Rusiya gərginliyindən ən çox zərər əslində kimə dəyəcək?
Gözlə

No media source currently available

0:00 0:09:29 0:00

Azərbaycan-Rusiya gərginliyindən ən çox zərər əslində kimə dəyəcək?

Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrdə ən çox hansı tərəf qazanır? Yekaterinburqda azərbaycanlıların öldüyü əməliyyat, Bakıda rusiyalıların həbsi fonunda bu sual yenidən gündəmə gəlir.

2025-ci ilin ilk beş ayında Azərbaycanın Rusiyaya ixracı 445 milyon dollar, Rusiyadan idxalı isə 1 milyard 715 milyon dollardan yuxarı olub. Bu isə o deməkdir ki, Azərbaycanın Rusiyadan aldığı malların dəyəri ona satdığı məhsullardan təxminən 3.8 dəfə çoxdur.

Eyni dövrdə Rusiya ilə ticarət dövriyyəsi 2 milyard 16 milyon dollar təşkil edir ki, bu da Azərbaycanın xarici ticarət dövriyyəsinin 10.3 faizi deməkdir və Rusiyanı İtaliya və Türkiyədən sonra üçüncü ən böyük tərəfdaş edir.

Qeyri-neft məhsulları üzrə Rusiya Azərbaycan üçün ən böyük bazardır, burada Rusiyaya ixrac 442.9 milyon dollarla qeyri-neft ixracının 31.5 faizini təşkil edir.

İdxal baxımından Rusiya 17.2 faiz ilə Çin və Türkiyədən üstün olub, bu isə idxal strukturunda Rusiyanın əsas mövqeyini göstərir.

Rəşad Həsənov
Rəşad Həsənov

"Azərbaycanlı ixracatçılar üçün ciddi çətinliklər yaradacaq"

İqtisadçı-ekspert Rəşad Həsənov Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı üçün Rusiyanın çox mühüm bazar olduğunu deyir. Belə ki, 2024-cü ildə kənd təsərrüfatı, qida sənayesi məhsulları üzrə Rusiyaya 700 milyon ABŞ dollarına yaxın məhsul ixrac olunub: "Yəni, ümumi Rusiya bazarlarına ixracın 60 faizdən artıq hissəsi məhz qida sənayesi, kənd təsərrüfatı məhsullarının payına düşür və bir çox kənd təsərrüfatı məhsulları üzrə Rusiya, demək olar, 90 faiz ixrac bazarı hesab olunur. Bu aspektdən münasibətlərin gərginləşməsi və bunun iqtisadi məcraya yönəlməsi azərbaycanlı ixracatçılar üçün ciddi çətinliklər yaradacaq. Bir çox hallarda məhz bu kimi münasibətlərin gərginləşməsi fonunda Azərbaycanda yerli fermerlər, istehsalçılar çox ciddi zərərlərlə üz-üzə qalıblar. Məhsulun əhəmiyyətli hissəsi istifadəyə yararsız hala düşüb və yaxud qısamüddətli dövrdə həmin məhsulu daxili bazarda realizasiya etməyə çalışıblar ki, bu da qiymətlərin kəskin düşməsinə, bəzi hallarda hətta kənd təsərrüfatı məhsulların qiymətinin maya dəyərindən aşağı olmasına gətirib çıxardıb. Rusiya ixracatçılarına da müəyyən çətinliklər yaradır. Amma Rusiya iqtisadiyyatının və ixracatın həcmi baxımından müqayisə etdikdə Azərbaycan burada ən çox təsirlənən tərəflərdən biri kimi görünə bilər".

Ekspert: 'Rusiyadan buğda asılılığı çoxdan aradan qaldırılmalı idi'
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Rusiya üçün böyük bazar... Azərbaycan

Qafqaz, Orta Asiya, Şərqi Avropa haqda analizlər hazırlayan Xəzər Tədqiqat və Analiz Mərkəzi yazır ki, Azərbaycanın MDB məkanı ilə ticarətində əsas yeri Rusiya tutur və son 18 ildə bu ölkə ilə ticarət dövriyyəsinin həcmi durmadan artıb. Mərkəz qeyd edir ki, son 10 ildə Azərbaycandan ixrac cəmi 11 faiz və ya 118 milyon dollar artdığı halda, Rusiyadan idxalın həcmi iki dəfədən çox, yaxud 1.7 milyard dollara yaxın böyüyüb. Yəni, əslində Azərbaycan Rusiya üçün daha böyük bazar rolunu oynayır, nəinki nəhəng Rusiya Azərbaycan üçün.

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin bu il açıqladığı məlumata görə, 2024-cü ildə Azərbaycandan Rusiyaya təxminən 540 min ton meyvə və tərəvəz göndərilib. Xidmət pomidor ixracında artıma diqqəti çəkib və qeyd edib ki, 2024-cü ildə Azərbaycan Rusiyaya 141.9 min ton pomidor tədarük edib ki, bu da 2023-cü ildəki 133 min tonla müqayisədə 6.7 faiz çoxdur.

Prezident fərmanıyla yaradılmış İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) bildirir ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycanın pomidor ixracı 113.8 milyon dollar olub. Mayda qeyri-neft məhsulları arasında pomidor ixracı 39.1 milyon dollarla ən yüksək səviyyəyə çatıb, Azərbaycan pomidorunun əsas alıcısı isə Rusiya hesab olunur.

"Pomidor idxalını dayandırmaq" təhdidi

Kremlə yaxınlığı ilə seçilən media qurumlarında Azərbaycanın Yekaterinburq hadisələrinə sərt reaksiyasını əsassız sayaraq "pomidor idxalını dayandırmaq" kimi təhdidlər irəli sürülüb, "Rossiya 1" telekanalından da bu fikirlər səsləndirilib.

Natiq Cəfərli
Natiq Cəfərli

ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Kremlin bu təhdidlərini zəif addım kimi qiymətləndirsə də, Azərbaycanın bu asılılığı azaltmalı olduğunu deyir: "Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracatında Rusiyadan 80 faizə yaxın asılılıq doğru deyil. Yeni daha premium bazarlara çıxış tapmaq lazımdır".

Hər iki tərəfin rəsmiləri isə indiyədək ölkələr arasında iqtisadi əlaqələri genişləndirmək istədiklərini dilə gətiriblər. Bu il iki ölkənin kənd təsərrüfatı nazirləri aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını söyləyiblər.

Ara-sıra rəsmi Bakı və Kreml arasında gərginliklər olsa da, bunlar iqtisadi sanksiyalara aparıb çıxarmayıb.

2025-ci ildə Rusiya ilə "Şimal–Cənub" beynəlxalq nəqliyyat dəhlizində yükdaşımaların inkişafı üzrə əməkdaşlıq sazişi təsdiqlənib. Hər iki ölkənin yol şəbəkələrinin inteqrasiyası, sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi, Xəzər dənizində yeni marşrutların yaradılması kimi birgə layihələr üzərində işlədiyi bildirilir.

Bir nəfərin iradəsi ilə idarə olunan iqtisadiyyat

İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, əczaçılıq məhsulları, bitki və heyvan mənşəli yağlar, qənnadı məhsulları, tikinti materialları Rusiyadan idxal olunan əsas məhsullardır. Bu münasibətlər fonunda yaranan hər istənilən bir risk, müvafiq olaraq, qiymətlərin artımı ilə bağlı çağırışlar formalaşdıra bilər: "Biz hər hansı bir legitim güclə üz-üzə deyilik. Bir nəfərin iradəsindən asılı olaraq idarə edilən böyük bir iqtisadiyyatla, böyük bir qonşu ilə üz-üzəyik və burada, təəssüf ki, idarəetmə modeli müvafiq siyasi gərginliyin istənilən məcraya çox qısa müddətdə sürüklənməsinin əsaslarını yarada bilir. Bunu təcrübə də göstərir, Azərbaycandan həmin ölkəyə idxal olunan məhsullara qeyri-rəsmi, əsassız embarqonun tətbiqi və eyni zamanda Rusiyadan Azərbaycana ixrac olunan məhsullara kvotaların tətbiqi, yaxud da ki, ixracın məhdudlaşdırılması alətlərindən hər zaman istifadə gözləniləndir, bir riskdir".

'Hamısı Rusiya puluyladır' - Bu kənddə quru sərhədlərinin açılmasını istəyirlər - REPORTAJ
Gözlə

No media source currently available

0:00 0:04:34 0:00

İqtisadçı deyir ki, Azərbaycandan miqrasiya edənlərin təxminən 67-69 faizi Rusiyanı seçir. Onların sayı rəsmi 657 min olsa da, qeyri-rəsmi hesablamalara görə, azı 2 milyondur. Bu miqrantların Azərbaycana göndərdiyi illik pul köçürmələri təqribən 1.5-2 milyard dollar arasında dəyişir və bəzi təxminlərə görə 3 milyard manatdan çox ola bilər. Bu, xüsusilə cənub və Qazax-Şəmkir bölgələrində sosial rifahın əsas mənbəyi sayılır. Bu göndərişlərin azalması bu regionlarda gəlirlərin və sosial rifahın zəifləməsinə, iqtisadi və sosial gərginliyin artmasına səbəb ola bilər. Eyni zamanda, iqtisadçının sözlərinə görə, Rusiyadan qayıda biləcək əməkqabiliyyətli miqrantların ölkədə işsizlərin sayının artmasına və sosial problemlərin dərinləşməsinə gətirib çıxaracağı gözləniləndir, bu da qısamüddətli iqtisadi sabitlik üçün ciddi riskdir.

Bəs, ölkələr arasında nə baş verdi?

İyunun 28-də Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı keçirilən xüsusi əməliyyat sonrası iki ölkə arasında gərginlik pik həddə çatıb. Rusiya İstintaq Komitəsi illər əvvəl baş vermiş cinayət hadisəsinin araşdırdığını əsas gətirərək azərbaycanlı ailənin evlərinə basqın təşkil edib. Əməliyyat zamanı azı iki nəfər həyatını itirib, bir neçə nəfər, o cümlədən Azərbaycan diasporunun üzvləri saxlanılıb. Hadisədən sonra Bakıda siyasi və ictimai narahatlıq artıb. Azərbaycan tərəfi Rusiya ilə əlaqədar bir sıra tədbirləri dayandırıb, mədəniyyət sahəsində əməkdaşlıq müvəqqəti dondurulub. Milli Məclisin nümayəndə heyətinin Moskvaya nəzərdə tutulan səfəri də təxirə salınıb.

Bundan bir neçə gün sonra – iyunun 30-da Azərbaycanda narkotik və kibercinayətlərlə əlaqədar Rusiya vətəndaşlarının saxlandığı deyilib, yayılan görüntülərdə isə saxlanılanların üzərində zorakılıq izləri müşahidə olunub.

İyulun 1-də isə "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialı olan "Sputnik-Azərbaycan"ın rəhbərliyi həbs edilib.

Hər iki ölkənin xarici işlər nazirlikləri qarşılıqlı şəkildə etiraz notaları təqdim ediblər.

XS
SM
MD
LG