Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib ki, Cənubi Qafqazda nəqliyyat infrastrukturunun blokadan çıxarılması ölkə üçün mühüm prioritet olub və belə də qalır. O, bunu AzadlıqRadiosunun erməni xidmətinin ABŞ-nin təklifi ilə bağlı sorğusuna cavabında bildirib.
Belə ki, Karneqi Rusiya Avrasiya Mərkəzi yazıb ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Azərbaycan və Ermənistan arasında yolun açılması ilə bağlı Yerevan və Bakıya təklif təqdim edib.
Mərkəzin analitiki Olesya Vartanyan iki xarici diplomata istinadən yazıb ki, Amerikanın təklifi illər əvvəl Avropa İttifaqının (Aİ) irəli sürdüyü bir versiyaya bənzəyir. Həmin versiya 2008-ci il müharibəsindən sonra Rusiya və Gürcüstan arasında razılaşdırılmış plana əsaslanırdı. Bu plana görə, Abxaziya və Cənubi Osetiya kimi mübahisəli bölgələrdən keçən marşrutların idarə olunması müstəqil İsveçrə şirkətinə verilməli idi. Həmin şirkət isə bütün maraqlı tərəflərə logistik məlumatların ötürülməsini üzərinə götürürdü.
"Mövcud şəraitdə Amerikanın təklifi ümumilikdə Avropa modelinə bənzəyir. Eyni zamanda, Vaşinqtonun təklifi Amerika məntiqinə əsaslanır: bu məntiqə görə, razılaşmanın təminatçısı Amerika biznesi olmalıdır – bu, məsələn, Ukraynada nadir metallarla bağlı sazişdə artıq tətbiq olunub", - Qarabağ münaqişəsini yaxından izləyən Beynəlxalq Böhran Qrupunun keçmiş aparıcı analitiki O.Vartanyan qeyd edir.
Onun mənbələrinin bildirdiyinə görə, bu variantı irəli aparmaq üçün Vaşinqtonun ciddi səylər göstərməsi lazım olacaq.
Müvafiq mövzu ilə bağlı şərhində Ermənistan XİN bildirib ki, Yerevan regional əlaqələrin qurulması ilə bağlı öz baxışını – "Sülh yolayrıcı " təşəbbüsünü irəli sürüb. "Ermənistan bu təşəbbüslə uzlaşan və bütün maraqlı tərəflər üçün məqbul bir sıra həll variantları da təklif edib. Eyni zamanda, müxtəlif beynəlxalq tərəfdaşlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən iki ölkə arasında nəqliyyat infrastrukturunun açılması ilə bağlı vaxtaşırı öz ideyalarını da irəli sürürlər", - XİN sözçüsü A.Badalyan bildirib.
Rəsmi Bakı, hələlik, Tramp administrasiyasının təklifi ilə bağlı Karneqi Rusiya Avrasiya Mərkəzinin iddiasına reaksiya verməyib.