BND: Rusiya Ukraynada kimyəvi silahların istifadəsini genişləndirir

"Rusiya daha güclü kimyəvi maddə olan xloropikrindən də istifadə edir".

Niderlandın Müdafiə Kəşfiyyatı və Təhlükəsizlik Xidməti (MIVD), Baş Kəşfiyyat və Təhlükəsizlik Xidməti (AIVD) və Almaniya Xarici Kəşfiyyat Xidməti (BND) Rusiyanın Ukraynada kimyəvi silahdan istifadəsinin gücləndiyi barədə xəbərdarlıq edir.

Bu barədə iyulun 4-də Niderlandın Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

"Rusiyanın Ukraynada gözyaşardıcı qazdan istifadə etdiyi artıq məlum idi, lakin MIVD, AIVD və BND artıq təsdiqləyir ki, Rusiya həmçinin daha güclü kimyəvi maddə olan xloropikrindən də istifadə edir. Bu maddə qapalı məkanlarda yüksək konsentrasiyada tətbiq edildikdə ölümcül ola bilər", - bəyanatda deyilir.

Bəyanatda vurğulanıb ki, xloropikrin kimi boğucu maddələrin istənilən şəraitdə istifadəsi, Kimyəvi Silahlar Konvensiyasına görə, qadağandır və Rusiya bu konvensiyanı açıq şəkildə pozur.

Niderland Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin (MIVD) direktoru, vitse-admiral Peter Reesink bildirib ki, Rusiyanın kimyəvi silahlardan istifadəsi intensivləşib və bu ölkənin "kimyəvi silah proqramından qaynaqlanan təhlükə artır".

Ukrayna Müdafiə Nazirliyi bildirir ki, 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğal müharibəsinə başlanmasından bəri Rusiya ukraynalı hərbçilərinə qarşı 9 mindən çox kimyəvi silah hücumu həyata keçirib.