İyulun 1-də Bakının Xətai rayon Məhkəməsi "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (Sputnik-Azərbaycan) keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanan şəxslərlə bağlı qərar verib.
Yerli saytların məlumatına görə, məhkəmənin qərarı ilə "Sputnik-Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeni Belousov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Onların hər ikisi Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
Həmin şəxslərin və ya vəkillərinin ittihamlara münasibətlərini öyrənmək mümkün olmayıb.
Kreml rusiyalı jurnalistlərin Azərbaycanda saxlanmasına münasibət bildirib
Kreml rusiyalı jurnalistlərin Azərbaycanda saxlanmasını "son dərəcə emosional reaksiya" adlandırıb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb. O, jurnalistlərin qısa zamanda sərbəst buraxılacağına ümid etdiyini bildirib.
Peskovun sözlərinə görə, KİV nümayəndələrinə qarşı bu cür tədbirlər ümumi qəbul edilmiş qayda və normalara ziddir, eyni zamanda "Rusiya-Azərbaycan münasibətlərinin ruhuna və xarakterinə uyğun gəlmir".
"Ümid edirik ki, bu hədsiz emosional reaksiya birbaşa ünsiyyətlə əvəzlənəcək və bu zaman bütün suallara cavab tapılacaq", -"İnterfaks" agentliyi Peskovdan sitat gətirib.
30 iyun
RT jurnalisti saxlanılıb
Bakıda "Ruptly" video agentliyinin jurnalisti Aytəkin Hüseynova saxlanılıb. O, "Sputnik-Azərbaycan" redaksiyasında keçirilən axtarışı çəkirmiş. Bu barədə agentlik jurnalistin anasına istinadən məlumat yayıb. Jurnalistin saxlanılma səbəbləri açıqlanmır.
İyunun 30-u səhər saatlarında "Sputnik-Azərbaycan"ın Bakıdakı redaksiyasında axtarış aparılıb.
DİN 'Sputnik Azərbaycan'la bağlı araşdırmaya başlayıb
Daxili İşlər Nazirliyində (DİN) "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (Sputnik-Azərbaycan) araşdırmalara başlanıb. Belə ki filialın 2025-ci ilin fevralında akkreditasiyasının dayandırılmasına baxmayaraq, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair əməliyyat məlumatı daxil olub. Bu barədə DİN-in Mətbuat Xidməti bildirib.
"İyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlananlar var", - məlumatda deyilir.
Hələlik, DİN-in bu məlumatına "Rossiya Seqodnya" və Rusiyanin rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.
Bir müddət əvvəl "Rossiya Seqodnya"nın (Sputnik-Azərbaycan) nümayəndəliyi ləğv edilib. Yerli saytlarda yer alan məlumatlara görə, onlar yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.
Son illər Qərb ölkələrinin ayrı-ayrı kütləvi informasiya vasitələrinin Azərbaycandakı nümayəndəlikləri ard-arda bağlanıb. Bu, ölkə qanunvericiliyinin tələbləri ilə izah edilib. Amma Rusiyanin media orqanlarına fərqli münasibət bəslənilib. Müstəqil ekspertlər hesab edirdilər ki, bu, ikili standartdır və Azərbaycanın Rusiya ilə "müttəfiqlik" əlaqələrindən irəli gəlir.
Son günlər Azərbaycanla Rusiya arasında gərginlik yaşanır. Yekaterinburqda 50-dən çox azərbaycanlı saxlanılıb, reyd zamanı iki nəfər ölüb, iki nəfər ağır yaralanıb. Rusiyanın Bakıdakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, baş verənlərlə əlaqədar ona "kəskin etiraz" bildirilib. Bakı günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.
Rusiya XİN bildirir ki, reyd ağır cinayətlərin istintaqı çərçivəsində aparılıb, vəziyyət nəzarətdədir. Qurumun sözçüsü Mariya Zaxarova deyib ki, söhbət 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayətlərdən gedir.