Xəbərlər
Gürcüstanın keçmiş müdafiə naziri həbs olunub

Tbilisi şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvilini parlamentin istintaq komissiyasının tələblərinə əməl etməməkdə təqsirli bilərək 8 ay azadlıqdan məhrum edib.
İş üzrə ümumilikdə səkkiz nəfər təqsirləndirilir və Okruaşvili sonuncu olaraq mühakimə olunub.
Müxalifət liderləri ölkədə yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilər zamanı, 2025-ci il oktyabrın 4-də həbsdə olacaqlar.
Parlamentin istintaq komissiyası hakim "Gürcü arzusu" partiyasının təşəbbüsü ilə yaradılıb. Komissiyanın 2003-2012-ci illərdə Mixeil Saakaşvilinin prezidentliyi dövründə məmurların cinayətlərini araşdırdığı bildirilir.
24 iyun
Gürcüstanda iki gündə dörd müxalifət lideri həbs olunub
Gürcü müxalifətçisi, "Aqmaşenebeli Strategiyası" partiyasının lideri Giorgi Vaşadze parlamentin mübahisəli istintaq komissiyasına gəlmədiyinə görə 7 ay müddətinə azadlıqdan məhrum edilib. Ona həmçinin 2 il ərzində dövlət vəzifələrini tutmaq qadağan edilib.
Bir gün əvvəl - iyunun 23-də digər üç müxalifət lideri oxşar ittihamlarla azadlıqdan məhrumetmə cəzası alıblar. "Güclü Gürcüstan" və "Lelo" partiyalarının rəhbərləri - Mamuka Xazaradze və Badri Caparidze hər biri 8 ay müddətinə həbs olunub. "Dəyişikliklər Uğrunda Koalisiya" və "Qirçi – Daha çox azadlıq" partiyasının lideri Zurab Caparidzeyə isə 7 ay həbs cəzası verilib.
G.Vaşadze hökmün elanında iştirak etməyib. O, partiyasının ofisində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvilinin sözlərinə görə, iqtidarda olan "Gürcü arzusu" partiyası paranoid vəziyyətdədir və bu, rejimin son mərhələdə olduğunu göstərən klassik əlamətdir. O bildirib ki, hakimiyyətin hərəkətləri daxili parçalanma, artan repressiyalar və sistemin öz daxilindəki qorxu ilə bağlıdır.
Zurabişvili qeyd edib ki, müxalifəti və cəmiyyəti çətin dövr gözləyir, xüsusilə də dinc etiraz aksiyalarında iştirak edən gəncləri. O, dinc aksiyaların davam etdirilməsinin və müxalifətin vahid strategiya ətrafında birləşməsinin vacibliyini vurğulayıb.
Müxalifət liderlərinə qarşı çıxarılan hökmləri Qərb siyasətçiləri, o cümlədən ABŞ konqresmeni Co Uilson kəskin pisləyib. Uilson sosial şəbəkədə yazıb: "Qeyri-legitim "Gürcü arzusu" rejimi müxalifət liderləri Zurab Caparidze, Mamuka Xazaradze və Badri Caparidzeni qanunsuz olaraq həbs edərək repressiyaları gücləndirir. İvanişvili ölkəni kommunist Çinin xidmətində olan birpartiyalı dövlətə çevirməyə çalışır. Senat #MEGOBARI aktını qəbul etməlidir!".
Tənqid olunun qanuna dəyişiklik edilir

Azərbaycan parlamenti yerli və beynəlxalq tənqidlərlə üzləşən "Media haqqında" Qanununa dəyişiklik edir.
Bu gün, iyulun 4-də Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Qanuna əlavələrdə media subyektinin təsis edilməsinə, xarici media subyektlərinin qeydiyyatdan keçməsinə və ümumilikdə media subyektlərinin fəaliyyətlərinə dair tələblər genişlənir.
Layihəyə təklif edilən yeni bir maddəyə əsasən, media subyektlərinin adları digər media subyektlərinin adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata, əxlaqa zidd, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir.
Digər tərəfdən, Media Reyestrində olmayan çap mediası subyektinin nəşri qadağan olunur. Reyestrdə olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5 min manatadək cərimələnəcək.
Paralel olaraq, informasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir. Artıq informasiya agentliyinin azı 20 media ilə informasiya verilməsi haqqında müqaviləsi olmalı, azı beş xarici ölkədə jurnalisti akkreditasiyadan keçməlidir.
Bununla bərabər, Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər müəyyənləşib.
Həmçinin, yeni layihədə qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilib.
Bəzi media ekspertləri düşünür ki, əlavələrlə qanunda bir qədər də məhdudlaşdırmalar artırılır.
Xatırlatma
Azərbaycanda "Media haqqında" Qanunu parlament 2021-ci ildə qəbul edib. Prezident onu 2022-ci ilin əvvəlində imzalayıb.
Qanunun qəbulu ərəfəsində bir sıra jurnalist və ekspertlər etiraz aksiyası keçirərək ona qarşı çıxmışdılar. Onların fikrincə, sənəddə xüsusilə reyestrlə bağlı tələblər müstəqil jurnalist və media orqanlarının çərçivəyə salınmasına xidmət edəcək. Hərçənd, parlamentdəki çoxluq belə fikirləri əsasız sayırdılar.
Tramp: 'Putinlə söhbətdə heç bir irəliləyiş əldə edilməyib'

ABŞ prezidenti Donald Trampın sözlərinə görə, söhbətdə "heç bir irəliləyiş əldə edilməyib" və o, Ukraynadakı vəziyyətdən "narazıdır".
Jurnalistlərin suallarını cavablandıran Tramp həmçinin bildirib ki, ABŞ Ukraynaya çoxlu silah verib, bunu davam etdirir və köməklik göstərməyə çalışır. Onun sözlərinə görə, lakin Bayden administrasiyası Ukraynaya silah verməklə "bütün ölkəni boşaldıb" və özlərinin kifayət qədər silaha malik olmalarından əmin olmalıdırlar.
+++
ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında təxminən bir saat davam edən telefon danışığı olub.
Kremlin məlumatına görə, Tramp yenidən Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini qaldırıb. Buna cavab olaraq Putin Rusiyanın danışıqlar prosesinə hazır olduğunu bəyan edib, lakin Moskvanın "xüsusi hərbi əməliyyat"ın hədəflərindən geri çəkilməyəcəyini vurğulayıb.
Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı danışıqlarının üçüncü raundunun konkret tarixləri müzakirə olunmayıb, Trampla Putinin şəxsi görüşünün mümkünlüyü barədə də danışılmayıb. Rusiya prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakovun sözlərinə görə, "şəxsi görüş ideyası havada asılıdır. Lazım gələrsə, razılıq əldə olunacaq".
Danışıqlar zamanı İran, Suriya və bütövlükdə Yaxın Şərq ətrafındakı vəziyyət də müzakirə olunub. Uşakovun dediyinə görə, "söhbət səmimi, işgüzar və konkret olub”.
Bildirilir ki, Putin Trampa uğurlar arzulayıb və onu Birləşmiş Ştatlarda iyulun 4-də qeyd olunan Müstəqillik Günü münasibətilə təbrik edib. Putin "Rusiya Amerika dövlətçiliyinin inkişafında mühüm rol oynayıb" fikrini ifadə edib.
Putin "hər iki ölkənin ənənəvi dəyərlərini təbliğ edən" filmlər mübadiləsini təklif edib. Uşakovun sözlərinə görə, Tramp bu ideyanı bəyənib.
Bu, artıq Trampla Putin arasında altıncı telefon danışığıdır.
BND: Rusiya Ukraynada kimyəvi silahların istifadəsini genişləndirir

Niderlandın Müdafiə Kəşfiyyatı və Təhlükəsizlik Xidməti (MIVD), Baş Kəşfiyyat və Təhlükəsizlik Xidməti (AIVD) və Almaniya Xarici Kəşfiyyat Xidməti (BND) Rusiyanın Ukraynada kimyəvi silahdan istifadəsinin gücləndiyi barədə xəbərdarlıq edir.
Bu barədə iyulun 4-də Niderlandın Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
"Rusiyanın Ukraynada gözyaşardıcı qazdan istifadə etdiyi artıq məlum idi, lakin MIVD, AIVD və BND artıq təsdiqləyir ki, Rusiya həmçinin daha güclü kimyəvi maddə olan xloropikrindən də istifadə edir. Bu maddə qapalı məkanlarda yüksək konsentrasiyada tətbiq edildikdə ölümcül ola bilər", - bəyanatda deyilir.
Bəyanatda vurğulanıb ki, xloropikrin kimi boğucu maddələrin istənilən şəraitdə istifadəsi, Kimyəvi Silahlar Konvensiyasına görə, qadağandır və Rusiya bu konvensiyanı açıq şəkildə pozur.
Niderland Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin (MIVD) direktoru, vitse-admiral Peter Reesink bildirib ki, Rusiyanın kimyəvi silahlardan istifadəsi intensivləşib və bu ölkənin "kimyəvi silah proqramından qaynaqlanan təhlükə artır".
Ukrayna Müdafiə Nazirliyi bildirir ki, 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğal müharibəsinə başlanmasından bəri Rusiya ukraynalı hərbçilərinə qarşı 9 mindən çox kimyəvi silah hücumu həyata keçirib.
İran və Türkiyə prezidentləri Azərbaycandadır

İran prezidenti Məsud Pezeşkian və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci sammitində iştirak etmək üçün iyulun 4-də Azərbaycana gəliblər.
+++
İyulun 4-ü İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti Azərbaycanda Xankəndi şəhərində keçiriləcək.
İyulun 2-dən artıq bir sıra xarici ölkələrdən rəsmilər bu sammitə qatılmaq üçün Azərbaycana gəliblər.
İyulun 2-də Azərbaycan baş naziri Əli Əsədov Əfqanıstandakı Taliban hökumətinin baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.
2021-ci ildə Taliban hakimiyyətdən kənarlaşdırıldıqdan 20 il sonra Əfqanıstanda prezident Əşrəf Qani hökumətini devirərək yenidən hakimiyyəti ələ keçirib. Talibançılar Əfqanıstanda şəriət qanunu tətbiq edib, ictimai edamları bərpa edib. Xüsusilə qadınlara qarşı insan hüquqlarının geniş şəkildə pozulması barədə məlumatlar var.
Taliban hökuməti beynəlxalq aləmdə tanınmır, lakin de-fakto dünyanın əksər ölkələri bu və ya digər dərəcədə onunla iş aparır.
Bundan əvvəl onu ABŞ başda olmaqlar bəzi ölkələr terror təşkilatı sayıblar. Bugünlərdə Rusiya "Taliban" hərəkatının rəhbərlik etdiyi Əfqanıstan İslam Əmirliyini rəsmi olaraq tanıyan ilk ölkə olub.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev də iyulun 2-dən Azərbaycandadır və ölkə başçısı da daxil bir sıra rəsmi görüşlər keçirib.
Sammitin işinə təşkilata daxil bir çox ölkələrin liderlərinin, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın da qatılacağı gözlənir.
Zirvə görüşündə ticarət əlaqələrinin gücləndirilməsi – regionda sərbəst ticarətin inkişafı üçün yeni mexanizmlər, rəqəmsal gömrük sistemləri və başqa məsələlər müzakirə olunmalıdır.
İqtisadi Əməkdaşlıq Təşkilatını (İƏT) Türkiyə, Pakistan və İran 1964-cü ildə yaradıb və 1985-ci ildə bu adı alıb. Quruma Azərbaycan, Əfqanıstan, Özbəkistan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Türkmənistan daxildir.
'Transneft' şirkətinin vitse-prezidenti müəmmalı şəkildə pəncərədən yıxılaraq ölüb

Rusiyanın "Transneft" şirkətinin vitse-prezidenti Andrey Bədəlov iyulun 4-ü səhər saatlarında Rublevskoye şosesində yerləşən mənzilinin pəncərəsindən yıxılıb.
Rusiya mətbuatının məlumatına görə, o, aldığı xəsarətlərdən ölüb.
Hadisə yerində təcili yardım və digər operativ xidmətlər işləyir.
Bədəlov 2021-ci ildə "Transneft"in vitse-prezidenti olub, bundan əvvəl isə o, "Vosxod" Elmi-Tədqiqat İnstitutunda baş direktor işləyib. "Transneft"də o, istehsalat-təsərrüfat fəaliyyətinin rəqəmsal transformasiyası və avtomatlaşdırılması məsələlərinə cavabdeh idi.
Bu, son illərdə Rusiya neft şirkətlərinin top - menecerləri arasında baş vermiş ilk gözlənilməz ölüm halı deyil.
Rusiya Norveç Helsinki Komitəsini 'arzuolunmaz təşkilat' elan edib

Rusiya Baş Prokurorluğu Norveç Helsinki Komitəsini "arzuolunmaz təşkilat" elan edib. Bu barədə Baş Prokurorluğa iyunda müvafiq sorğu ilə müraciət edən Dövlət Duması deputatı Andrey Luqovoy məlumat verib.
Qərar iyunun 24-də qəbul edilib. Luqovoy bəyan edib ki, Norveç Helsinki Komitəsi Ukraynada Rusiya hərbçiləri tərəfindən məhkəməsiz edamlar, işgəncələr, zorakılı aktları barədə saxta məlumatlar yayır, həmçinin Ukraynaya qarşı təcavüzkarlığın araşdırılması üçün xüsusi tribunalın yaradılmasına və Rusiya hakimiyyətinin beynəlxalq məhkəməyə verilməsinə çağırış edir.
Norveç Helsinki Komitəsi 1977-ci ildə yaradılıb. Təşkilat 1975-ci ildə 35-dən çox dövlətin imzaladığı Helsinki Sazişlərinin prinsiplərinə əsaslanır. Bu prinsiplərə görə, insan hüquqlarına hörmət dövlətlər arasında sülhün və anlaşmanın inkişafında əsas amildir.
ABŞ Konqresi vergi və dövlət xərcləri haqqında qanun layihəsini təsdiqləyib

ABŞ Konqresi prezident Donald Trampın irəli sürdüyü vergi və dövlət xərcləri haqqında qanun layihəsini təsdiqləyib.
Nümayəndələr Palatası bu qanunu iyulun 3-də cüzi səs fərqi ilə - 218–214 səs nisbəti ilə qəbul edib.
Qanun layihəsi müdafiə xərclərinin artırılmasını, miqrantların kütləvi deportasiyalarının maliyyələşdirilməsini və 4.5 trilyon dollar məbləğində vergi güzəştlərinin uzadılmasını, həmçinin federal ərzaq yardımı və aztəminatlı vətəndaşlar üçün nəzərdə tutulmuş dövlət tibbi sığorta proqramı olan "Medicaid" də daxil olmaqla, sosial proqramların ciddi şəkildə ixtisarını nəzərdə tutur. Bəzi hesablamalara görə, bununla təxminən 12 milyon amerikalı sığortasız qala bilər.
Demokratların etirazlarına və mötədil respublikaçılar arasında yaranmış tərəddüdə baxmayaraq, Nümayəndələr Palatasının spikeri Mayk Conson konqresmenlərlə apardığı danışıqlar və Trampın şəxsi müdaxiləsi sayəsində qanunun qəbuluna nail olub.
Xərclərin maliyyələşdirilməsi qismən də təmiz enerji və elektrik avtomobilləri üzrə subsidiyaların ləğvi hesabına təmin edilir. Bu, prezidentin əvvəlki müttəfiqi olan milyarder işadamı İlon Maskla Donald Tramp arasında açıq qarşıdurmaya səbəb olub. Mask subsidiyaların ləğvini "gələcəyə vurulan zərbə" adlandırıb və sosial media hesabında Ağ evi kəskin tənqid edib. O, sözügedən qanunun qəbulunun ABŞ-də dövlət borcunun kəskin artımına səbəb olacağını bildirib.
Prezident Tramp isə qanunu "tarixin ən əhəmiyyətli qanunlarından biri" elan edib. O, iyulun 4-ü Müstəqillik Günündə qanunu imzalamağı planlaşdırır.
Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu

Əfqanıstanın Rusiyaya yeni təyin olunmuş səfiri Gül Həsən etimadnaməsinin surətini Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkoya təqdim edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.
Bununla da Rusiya bir çox ölkələrdə terror təşkilatı kimi tanınan "Taliban" hərəkatının rəhbərlik etdiyi Əfqanıstan İslam Əmirliyini rəsmi olaraq tanıyan ilk ölkədir. "Taliban"a Rusiyada da uzun müddət qadağa qoyulsa da, 2024-cü ilin dekabrında Dövlət Duması "Taliban"ın terror təşkilatları siyahısından çıxarılmasına icazə verən qanun qəbul edib. Aprelin 17-də isə Rusiya Federasiyasının Ali Məhkəməsi "Taliban"ın Rusiyadakı fəaliyyətinə qadağanı ləğv edib.
Moskvadakı Əfqanıstan səfirliyinin binasında "Taliban" Əfqanıstanının dövlət bayrağı asılıb.
İyulun 3-də Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi ilə görüşüb. Görüşdə rusiyalı diplomat təmsil etdiyi hökumətin Əfqanıstan İslam Əmirliyini rəsmən tanıması qərarını qarşı tərəfə çatdırıb.
İmişlidə qəzadan sonra etirazlara görə tutulan şəxslərə hökm oxunub
Bu il yanvarın 18-də İmişli rayonunda məktəblilərin öldüyü yol qəzası ilə bağlı baş verən etirazlardan sonra həbs olunanlara hökm oxunub.
Yerli saytların məlumatına görə, İmişli rayon Məhkəməsində 19 şəxsə xuliqanlıq ittihamı ilə müxtəlif cəzalar kəsilib.
İş üzrə təqsirli bilinən səkkiz şəxsə 1 ildən 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası verildiyi bildirilib. Habelə 11 şəxsə də 1 ildən 4 ilə qədər azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi açıqlanıb.
Verilən məlumata görə, onlardan 1 il həbs alan Nazim Əliyevə təyin edilmiş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti hesab olunub.
Açıqlanan hökmlərə maraqlı tərəflərin münasibətini öyrənmək mümkün olmayıb.
Xatırlatma
Bu il yanvarın 18-də İmişli şəhərində baş verən ağır yol nəqliyyat hadisəsi rayonda gərginliyə səbəb olmuşdu. Şadlinski küçəsində Dövlət Yol Polisi (DYP) avtomobili başqa bir nəqliyyat vasitəsi ilə toqquşandan sonra yolun səkisində azyaşlı uşaqlara xəsarət yetirmişdi. Qəza nəticəsində iki nəfər yerindəcə həlak olub, daha iki nəfər ağır yaralanmışdı. Sonradan xəstəxanada yaralılardan birinin də vəfat etdiyi açıqlanıb. Bundan sonra rayonda etiraz aksiyası keçirilmişdi. Daxili İşlər Nazirliyindən (DİN) bildirilmişdi ki, İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs saxlanıb.
Qəza zamanı DYP avtomobilinin toqquşduğu nəqliyyat vasitəsinin 17 yaşlı sürücüsünün də saxlandığı açıqlanıb. Onun qohumuna məxsus "Mercedes Benz 190" markalı avtomobili qaçırdığı bildirilir.
DYP əməkdaşının məsuliyyətə cəlb edilib-edilmədiyi haqqında isə hər hansı rəsmi məlumat verilməyib.
Ermənistan parlamenti milyarder Karapetyanın şirkətinin milliləşdirilməsinə səs verdi
Ermənistan parlamenti həbsdə olan milyarder Samvel Karapetyana məxsus "Ermənistanın Elektrik Şəbəkələri" şirkətinin milliləşdirilməsini nəzərdə tutan qanun layihəsini 65 lehinə, 27 əleyhinə səslə ikinci oxunuşda qəbul edib. Müxalifət bunu şirkətin Karapetyanın əlindən almaq üçün edildiyini iddia edir.
Müxalifətdən olan parlamentarilər müzakirələr zamanı sual edib ki, hökumət bu prosesin Ermənistan vətəndaşlarına nə qədər baha başa gələcəyini hesablayıbmı?
İyulun 2-də parlamentin İqtisadi məsələlər komitəsində layihənin üç saata yaxın qızğın müzakirəsi zamanı infrastruktur naziri David Xudatyan heç bir hesablamanın aparılmadığını gizlətməyib: "Bütün bunlar nəyə başa gələcək? Aydın bir qiymətləndirmə proseduru var, ancaq əmlakın, öhdəliklərin və s. qiymətləndirilməsi həyata keçirilməyənə qədər onun dəyərinin nə olacağı təxminlərdən ibarətdir".
Müxalifətin siyasi təqiblərlə bağlı iddialarına cavab olaraq Ermənistan hökuməti bildirib ki, proses Karapetyanın kilsənin qorunması ilə bağlı məlum bəyanatından əvvəl başlayıb, baş nazir mayda bu barədə göstəriş verib.
Karapetyan ailəsi isə bildirir ki, hökumət şirkətə qarşı "qaydasız mübarizə" aparır və bu, eyni şəkildə davam edərsə, onlar Ermənistana qarşı arbitraj prosesi başladacaq.
+++
S.Karapetyan 2015-ci ildə "Inter RAO"dan alınmış "Ermənistan Elektrik Şəbəkələri" ASC-ni Kiprdə qeydiyyatdan keçmiş "Liormand Holdings Limited" şirkəti vasitəsilə idarə edir. İyunun 30-da işadamının ailəsi Ermənistan hökumətini investisiya mübahisəsinin başlanması barədə xəbərdar edib. Bu, Ermənistan və Kipr hökumətləri arasında investisiyaların təşviqi və qorunması haqqında sazişə əsaslanır və investorlara dövlət tərəfindən hüquqları pozularsa, beynəlxalq arbitraja müraciət etmək hüququ verir.
"Tashir Group"un ofisində axtarış aparılıb
Ermənistan İstintaq Komitəsi saxlanılan S.Karapetyana məxsus "Tashir Group"da nə məqsədlə axtarışın aparıldığı barədə detallı məlumat verməyib. Yalnız bildirilib ki, komitədə araşdırılan cinayət işi çərçivəsində təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir.
Karapetyan Rusiyada "Tashir" şirkətlər qrupuna və "Rio" ticarət mərkəzləri şəbəkəsinə sahibdir. "Forbes" jurnalı bildirir ki, o, Rusiyadakı milyarderlər siyahısında 44-cü yerdədir və sərvəti 3.2 milyard dollar qiymətləndirilir. O, iyunun 17-si axşam saatlarında evində axtarış aparıldıqdan sonra saxlanılıb, növbəti gün isə Karapetyana qarşı Ermənistanda hakimiyyətin ələ keçirilməsinə çağırış ittihamı irəli sürülüb.
Milyarderin həbsi onun Ermənistan baş naziri ilə polemikası fonunda baş verib. Ermənistan Apostol Kilsəsini tənqid edən baş nazir Paşinyan katolikos II Qaregini vəzifəsini tərk etməyə çağırıb. Ermənistan Apostol Kilsəsi bəyanatla çıxış edərək Paşinyanı kilsəyə qarşı kampaniya aparmaqda ittiham edib. Karapetyan kilsəni dəstəkləyərək bildirib ki, "əgər siyasətçilər uğursuz olsalar, biz kilsəyə qarşı kampaniyaya öz üsulumuzla müdaxilə edəcəyik".
Rusiya HDQ baş komandanının müavininin ölümünü təsdiqləyib

Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini, general-mayor Mixail Qudkov həlak olub. Onun ölümünü Rusiya Müdafiə Nazirliyi təsdiqləyib. Nazirliyin məlumatına görə, Qudkov "iyulun 2-də Kursk vilayətinin sərhəd bölgələrindən birində döyüş tapşırığı yerinə yetirərkən həlak olub".
Daha əvvəl Qudkovun ölümü ilə bağlı Primorsk vilayətinin qubernatoru Oleq Kojemyako məlumat vermişdi. Həlak olanlar arasında qubernator zabit Nəriman Şıxəliyevin adını da çəkib.
Bir sıra Teleqram-kanallarda yayılan məlumata görə, o, Ukrayna qüvvələrinin Rusiya-Ukrayna sərhədində, Korenevo kəndi yaxınlığındakı komanda məntəqəsinə hücumu nəticəsində ölüb.
Ümumrusiya Dəniz Piyadaları İctimai Təşkilatı - "Tayfun"un nekroloqunda qeyd olunub ki, iyulun 2-də Ukrayna Silahlı Qüvvələri 155-ci dəniz piyada briqadasının komanda məntəqəsinə raket zərbəsi endirib.
Bu il Səfərbərlik Xidmətində 62 nəfərin işi Baş Prokurorluğa göndərilib

Bu ilin ilk yarısında Səfərbərlik Xidmətində 62 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.
Bu məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇX) iyulun 3-də yaydığı korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin II rübünü əks etdirən statistik açıqlamasında yer alır.
Bildirilir ki, aparılan xidməti araşdırmalar nəticəsində 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin birinci yarısında 103 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb: "O cümlədən cari ildə doqquz əməkdaş mənfi əsaslarla ehtiyata buraxılmış və ya əmək müqaviləsinə xitam verilib. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 28 fakt üzrə 62 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib".
Xatırlatma
Əslində 2023-cü ilin sonundan Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlı olması barədə qərar verilməsi qaydası dəyişib. Bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna dəyişiklik edilib. Prezident "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" iki il əvvəl oktyabrın 6-da fərman imzalamışdı. Qanunvericilik fərmana uyğunlaşdırıldı. Fərmana əsasən, 2024-cü il iyulun 1-dən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Əvvəlki qanunvericilikdə xidmətə yararlı olub-olmamaq məsələsində əsas söz sahibi SHXÇX nəzdində tibbi komissiyalar sayılırdı.
Bəzi ekspertlərə görə isə, ayrı-ayrı sahələrdə korrupsiya ilə bağlı ciddi dəyişiklik üçün mübarizə bütün ölkədə və sistematik aparılmalıdır.
Putini 'axtarışa verən' şəxsi məhkəmə psixiatriya xəstəxanasına göndərib

Rusiya prezidenti Vladimir Putini "lovğa cırtdan" adlandıraraq "axtarışa verilməsi" ilə bağlı elan yayan Sankt-Peterburq sakini psixiatriya xəstəxanasına müalicəyə göndərilib.
Sankt-Peterburqun Krasnoselski rayon məhkəməsi siyasi nifrət motivli xuliqanlıq işi üzrə 39 yaşlı Qriqori İvanenkoya ixtisaslaşdırılmış psixiatriya xəstəxanasında məcburi müalicə təyin edib. Bu barədə "Mediazona" məhkəmənin mətbuat xidmətinin açıqlamasına istinadən yazıb.
İvanenko 2024-cü il mayın 31-də saxlanılıb. İstintaqın məlumatına görə, o, Krasnoselski rayonunun hərbi komissarlığının stendinə Rusiya prezidentinin "axtarışda" olduğunu elan edən vərəq yapışdırıb. Putinin tutulmasına kömək edəcək şəxsə bir milyon rubl mükafat vəd edib.
"Memorial" yazıb ki, İvanenkonun yapışdırdığı vərəqdə həbsxana geyimində bir şəxs təsvir olunmuşdu və polis həmin şəxsin Vladimir Putinə bənzədiyini hesab edib. Vərəqdəki mətnə görə, axtarışda olan "təhlükəli dövlət cinayətkarı" aşağıdakı xüsusi əlamətlərlə xarakterizə olunurdu: "lovğa cırtdan, hay-küylü, kinli, ətrafdakıların fikrinə qarşı son dərəcə etinasız".
2024-cü ilin sentyabrında məhkəmə-psixiatriya ekspertizası müəyyən edib ki, İvanenko "xroniki sayıqlama pozuntusu şəklində xroniki psixi pozğunluqdan əziyyət çəkir". İbtidai istintaq zamanı o, məhkəmənin qərarı ilə psixiatriya xəstəxanasında saxlanılıb.
Jitomir yaxınlığında güclü partlayış. Ölənlər və yaralılar var [Video]

Ukraynanın Jitomir şəhəri yaxınlığında baş vermiş iki güclü partlayış nəticəsində iki nəfər həlak olub, azı 24 nəfər yaralanıb.
Jitomir polisi bildirib ki, partlayışlar iyulun 2-si saat 18:00 radələrində Berezina kəndi yaxınlığında baş verib.
Jitomir Şəhər Şurası əvvəlcə partlayışların şəhər kənarında yerləşən yanacaqdoldurma məntəqəsində baş verdiyini bildirib.
Daha sonra məlum olub ki, partlayışlar nəticəsində Berezina kəndindəki iki istehsalat obyekti tamamilə dağılıb. Həmçinin yaşayış evləri ciddi zərər görüb, üç elektrikötürücü xətt zədələnib, nəticədə 735 təsərrüfat elektrik enerjisiz qalıb.
Partlayışın səbəbi bəlli deyil.