Xəbərlər
Jitomir yaxınlığında güclü partlayış. Ölənlər və yaralılar var [Video]

Ukraynanın Jitomir şəhəri yaxınlığında baş vermiş iki güclü partlayış nəticəsində iki nəfər həlak olub, azı 24 nəfər yaralanıb.
Jitomir polisi bildirib ki, partlayışlar iyulun 2-si saat 18:00 radələrində Berezina kəndi yaxınlığında baş verib.
Jitomir Şəhər Şurası əvvəlcə partlayışların şəhər kənarında yerləşən yanacaqdoldurma məntəqəsində baş verdiyini bildirib.
Daha sonra məlum olub ki, partlayışlar nəticəsində Berezina kəndindəki iki istehsalat obyekti tamamilə dağılıb. Həmçinin yaşayış evləri ciddi zərər görüb, üç elektrikötürücü xətt zədələnib, nəticədə 735 təsərrüfat elektrik enerjisiz qalıb.
Partlayışın səbəbi bəlli deyil.
Vəzifəli şəxslər hakim önünə çıxarılacaq

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluğun məlumatına görə, nazirliyinin 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki nəzarətin təşkili sektorunun müdiri Arif Həsənov və bu qurum yanında Aqrar Xidmətlər Mərkəzinin Dövlət nəzarəti şöbəsinin müdir müavini Rəşad Yolçiyev istintaqa cəlb edilib. Onların 2022-ci ilin sentyabrından 2025-ci ilin martınadək "qanunsuz olaraq mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və yeni qeydiyyat şəhadətnamələrinin verilməsi əvəzində vətəndaşlardan ümumilikdə 77 min manat pul vəsaitini təkrarən rüşvət qismində almalarına" şübhələr yarandığı bildirilir.
A.Həsənov və R.Yolçiyevə Cinayət Məcəlləsinin 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfində təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib. Onların barələrində məhkəmənin qərarı ilə ev dustaqlığı və əlavə vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilib.
Cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hələlik, ittihamlara sözügedən şəxslərdən və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.
Həmin ittihamlar üzrə 12 ilədək azadlıqdan məhrum etmə cəzası verilə bilər.
Aynur Elgünəş 'Qadın Jurnalistlərə Ədalət Mükafatı'na layiq görülüb

Meydan TV-nin baş redaktoru Aynur Elgünəş beynəlxalq mükafata layiq görülüb.
Hazırda Azərbaycanda həbsdə olan Aynur Elgünəş “2025 Wallis Annenberg Qadın Jurnalistlərə "dalət” mükafatının qalibi elan edilib. Mükafatın təsisçisi Qadınların Beynəlxalq Media Fondudur (IWMF).
Bu mükafatın məqsədi dünyada həbsdə olan jurnalistlərə diqqət çəkməkdir. “Həbsdə olan qadın jurnalistlərin hekayətini paylaşmaq qadın jurnalistlərin təhlükəsizliyinin təminatı üçün vacibdir”, – qurum vebsaytında bildirir.
“Elgünəşin insan alverindən tutmuş, məcburi köçkünlərin hüquqları, hökumət korrupsiyası daxil bir sıra mövzularda araşdırmaları, media azadlığı uğrunda fəaliyyəti onu geniş miqyasda tanıdıb”, – məlumatda deyilir.
“Aynur Elgünəş və Meydan Tv-nin altı digər jurnalisti ötən il dekabrın 6-da saxlanıb, onlara saxta ittihamlar irəli sürülüb. Əlilliyi olan Elgünəş evində saxlanarkən onunla pis rəftar olunub. Onun həyatına birbaşa təhlükə var, hazırda o, Bakı İstintaq Təcridxanasında saxlanır”, – IWMF vurğulayır.
IWMF bildirir ki, seksual qısnama, təhdidlər, hücumlar hökumətin təzyiqləri, qeyri-bərabər ödəniş, saxta xəbər yaymaq ittihamları dünyada mətbuat azadlığına ciddi təhdid yaradır. Və qadın jurnalistlər bu hücumların acısını daha çox çəkirlər.
UNESCO-nun bir hesabatında rəyi soruşulan qadın jurnalistlərin 73 faizi işlərinə görə onlayn zorakılığa məruz qaldıqlarını deyiblər.
2012-ci ildə IWMF o zaman AzadlıqRadiosunun əməkdaşı olan jurnalist Xədicə İsmayılovanı “Jurnalistikada Cəsarət və Həyat Uğuru Mükafatı”na layiq görmüşdü.
Xatırlatma
MeydanTV-nin əməkdaşları - Aynur Elgünəş, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq (Əhmədova), Aysel Umudova və Ramin Deko (Cəbrayılov) ötən il dekabrın 6-dan həbsdədirlər. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbi direktorunun müavini Ülvi Tahirov da həbs olunub. Onların hər birinə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Sonradan MeydanTV ilə bağlı cinayət işi üzrə daha dörd nəfər Şəmşad Ağayev, Nurlan Qəhrəmanlı (Libre), Fatimə Mövlamlı və Ülviyyə Əli (Quliyeva) saxlanılıb.
Jurnalistlər özlərini təqsirli bilmir, qaçaqmalçılıq ittihamının saxta olduğunu, peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.
2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 350-dən çox siyasi məhbus var.
Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi motivlərlə həbs edilmir. Onların iddiasına görə, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Ağ ev: ABŞ Kiyevə bəzi silah tədarükünü dayandırıb

CBS telekanalı məlumat yayıb ki, ABŞ müəyyən silah növlərinin Ukraynaya tədarükünü dayandırır.
CBS-nin sitat gətirdiyi Ağ ev sözçüsünün bəyanatında deyilir ki, "ölkəmizin digər ölkələrə göstərdiyi hərbi yardımla bağlı Müdafiə Nazirliyi tərəfindən aparılan qiymətləndirmədən sonra Amerikanın maraqlarını ön plana çəkmək qərarı verilib". ABŞ administrasiyasındakı mənbələrdən biri telekanala bildirib ki, bu qərarın qəbul edilməsi ABŞ-nin silah arsenalının azalacağı ilə bağlı narahatlıqlarla əlaqədardır.
Söhbətin hansı silah növlərindən getdiyi rəsmi olaraq açıqlanmır. "NBCNews"un Pentaqon və Konqresdəki mənbələrinə istinadən verdiyi məlumata görə, ABŞ müdafiə naziri Pit Heqset Ukraynaya raketlər və sursatlardan ibarət partiyanın göndərilməsini dayandırmaq barədə göstəriş verib. Bu silahlar arasında "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlər, haubitsalar üçün mərmilər, "Hellfire" raketləri və "hava-hava" tipli raketlər var.
Bu silahlar keçmiş Co Bayden administrasiyası tərəfindən təsdiqlənmiş Ukraynaya yardım paketinin tərkibində ayrılmışdı. Silah tədarükündəki fasilə ABŞ-nin silah arsenalının vəziyyətinə dair bir neçə həftə əvvəl başlanan qiymətləndirmə başa çatanadək davam edəcək. ABŞ-nin silah ehtiyatları Ukraynaya göndərilən yardımlar, Yaxın Şərqdə husilərə qarşı əməliyyatlar, həmçinin İranın İsrailə və ABŞ-nin digər müttəfiqlərinə qarşı hava hücumlarının dəf edilməsi nəticəsində azalıb.
Son aylarda isə Rusiyanın Ukrayna şəhərlərinə hava hücumlarını intensivləşdirməsi fonunda Kiyev Qərb müttəfiqlərinə hava hücumundan müdafiə sistemlərinin tədarükünün artırılması ilə bağlı müraciətlər edir. Ötən həftə Haaqada keçirilən NATO sammitinin yekun mətbuat konfransı zamanı prezident Donald Tramp bəyan edib ki, ABŞ Ukraynaya əlavə "Patriot" sistemlərinin verilməsi imkanını nəzərdən keçirə bilər. O, həmçinin əlavə edib ki, bu sistemlər İsrailə də göndərilir, onları "əldə etmək asan deyil" və həmin sistemlərə ABŞ-nin özünün də ehtiyacı var.
Kiyev ABŞ-dən danışıqlar istədi
Kiyev mümkün silah tədarükünün dayandırılması ilə bağlı yayılan xəbərlərdən sonra ABŞ ilə telefon danışıqları aparmaq üçün müraciət edib. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyi vurğulayıb ki, Kiyev razılaşdırılmış müdafiə yardımının tədarük cədvəlinin dayandırılması və ya yenidən nəzərdən keçirilməsi barədə rəsmi bildiriş almayıb.
Bundan əlavə, Ukrayna Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin Kiyevdəki müvəqqəti işlər vəkili Con Hinkeli nazirliyə dəvət edib. Görüşün əsas mövzusu davam edən Rusiya hərbi təcavüzü fonunda Vaşinqtonun hərbi yardımı olub.
Putin və Makron son üç ildə ilk dəfə telefonla danışdılar

Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında 2022-ci ilin sentyabrından bəri ilk telefon danışığı olub.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, liderlər İran və İsrail arasında münaqişə, Birləşmiş Ştatların İranın nüvə obyektlərinə zərbələri və Ukraynadakı müharibəni müzakirə ediblər.
Putin yenə də münaqişədə Qərb ölkələrinin siyasətini günahlandırıb. Onun fikrincə, Qərb "uzun illər Rusiyanın təhlükəsizlik maraqlarına məhəl qoymayıb", Ukraynada "anti-Rusiya plasdarmı" yaradıb və "Ukraynanın rusdilli vətəndaşlarının hüquqlarının pozulmasına göz yumub". O, həmçinin Qərb ölkələrini Kiyevə silah verməklə münaqişəni uzatmaqda ittiham edib.
Makronun mətbuat xidməti bildirib ki, söhbət iki saat davam edib və Fransa lideri Ukraynada atəşkəs və müharibənin dayandırılması üçün danışıqların başlanmasına çağırıb. Telefon danışığı zamanı Makron Fransanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə "sarsılmaz" dəstəyini vurğulayıb. Məlumatda deyilir ki, Makron və Putin müzakirələri davam etdirmək niyyətindədirlər.
Xatırlatma
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.
2022-ci ildə prezident V.Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.
Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.
'Sputnik-Azərbaycan işi' üzrə saxlananlardan ikisi həbs edilib

İyulun 1-də Bakının Xətai rayon Məhkəməsi "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (Sputnik-Azərbaycan) keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanan şəxslərlə bağlı qərar verib.
Yerli saytların məlumatına görə, məhkəmənin qərarı ilə "Sputnik-Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeni Belousov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Onların hər ikisi Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
Həmin şəxslərin və ya vəkillərinin ittihamlara münasibətlərini öyrənmək mümkün olmayıb.
Kreml rusiyalı jurnalistlərin Azərbaycanda saxlanmasına münasibət bildirib
Kreml rusiyalı jurnalistlərin Azərbaycanda saxlanmasını "son dərəcə emosional reaksiya" adlandırıb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb. O, jurnalistlərin qısa zamanda sərbəst buraxılacağına ümid etdiyini bildirib.
Peskovun sözlərinə görə, KİV nümayəndələrinə qarşı bu cür tədbirlər ümumi qəbul edilmiş qayda və normalara ziddir, eyni zamanda "Rusiya-Azərbaycan münasibətlərinin ruhuna və xarakterinə uyğun gəlmir".
"Ümid edirik ki, bu hədsiz emosional reaksiya birbaşa ünsiyyətlə əvəzlənəcək və bu zaman bütün suallara cavab tapılacaq", -"İnterfaks" agentliyi Peskovdan sitat gətirib.
30 iyun
RT jurnalisti saxlanılıb
Bakıda "Ruptly" video agentliyinin jurnalisti Aytəkin Hüseynova saxlanılıb. O, "Sputnik-Azərbaycan" redaksiyasında keçirilən axtarışı çəkirmiş. Bu barədə agentlik jurnalistin anasına istinadən məlumat yayıb. Jurnalistin saxlanılma səbəbləri açıqlanmır.
İyunun 30-u səhər saatlarında "Sputnik-Azərbaycan"ın Bakıdakı redaksiyasında axtarış aparılıb.
DİN 'Sputnik Azərbaycan'la bağlı araşdırmaya başlayıb
Daxili İşlər Nazirliyində (DİN) "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (Sputnik-Azərbaycan) araşdırmalara başlanıb. Belə ki filialın 2025-ci ilin fevralında akkreditasiyasının dayandırılmasına baxmayaraq, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair əməliyyat məlumatı daxil olub. Bu barədə DİN-in Mətbuat Xidməti bildirib.
"İyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlananlar var", - məlumatda deyilir.
Hələlik, DİN-in bu məlumatına "Rossiya Seqodnya" və Rusiyanin rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.
Bir müddət əvvəl "Rossiya Seqodnya"nın (Sputnik-Azərbaycan) nümayəndəliyi ləğv edilib. Yerli saytlarda yer alan məlumatlara görə, onlar yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.
Son illər Qərb ölkələrinin ayrı-ayrı kütləvi informasiya vasitələrinin Azərbaycandakı nümayəndəlikləri ard-arda bağlanıb. Bu, ölkə qanunvericiliyinin tələbləri ilə izah edilib. Amma Rusiyanin media orqanlarına fərqli münasibət bəslənilib. Müstəqil ekspertlər hesab edirdilər ki, bu, ikili standartdır və Azərbaycanın Rusiya ilə "müttəfiqlik" əlaqələrindən irəli gəlir.
Son günlər Azərbaycanla Rusiya arasında gərginlik yaşanır. Yekaterinburqda 50-dən çox azərbaycanlı saxlanılıb, reyd zamanı iki nəfər ölüb, iki nəfər ağır yaralanıb. Rusiyanın Bakıdakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, baş verənlərlə əlaqədar ona "kəskin etiraz" bildirilib. Bakı günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.
Rusiya XİN bildirir ki, reyd ağır cinayətlərin istintaqı çərçivəsində aparılıb, vəziyyət nəzarətdədir. Qurumun sözçüsü Mariya Zaxarova deyib ki, söhbət 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayətlərdən gedir.
Tramp Suriyaya sanksiyaları ləğv edib

ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyaların ləğvi və ixrac nəzarətinin yumşaldılması barədə fərman imzalayıb. Bu barədə Ağ evin saytında məlumat verilib.
Qərarda kredit və yardım göstərilməsinə, həmçinin malların və texnologiyaların ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutulur.
Suriyanın 2024-cü ilin dekabrında Rusiyaya qaçan keçmiş prezidenti Bəşər Əsəd, onun ailəsi və tərəfdarlarına qarşı sanksiyalar qüvvədə qalır. Tramp hesab edir ki, müharibə cinayətləri və insan haqlarının pozulmasına görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etmək üçün daha çox addımlar atılmalıdır.
2025-ci ilin mayında Avropa İttifaqı (Aİ) Suriyaya qarşı sanksiyaları ləğv edib.
"Biz Suriya xalqına yeni, inklüziv və dinc Suriyanı bərpa etməkdə kömək etmək istəyirik. Aİ son 14 ildə suriyalıların yanında olub və buna davam edəcək", - Aİ-nin baş diplomatı Kaya Kallas deyib.
ABŞ prezidenti Dövlət Departamentinə tapşırıq verib ki, məsləhətləşmələrdən sonra Suriya dövlətinin "terrorizmin sponsorları", "Həyat Təhrir əş-Şam" qruplaşmasının isə xarici terror təşkilatları siyahısından çıxarılması istiqamətində tədbirlər görsün.
Qruplaşma 2024-cü ilin noyabr-dekabrında üsyançılara rəhbərlik edib və Dəməşqi ələ keçirib, bundan sonra Bəşər Əsəd rejimi devrilib. Qruplaşmanın lideri Əhməd əş-Şaraa isə Suriyanın müvəqqəti prezidenti elan olunub.
Hacı Vəliyevdən xəbər var

Bu gün, iyunun 30-da vəkil Aqil Layıc istintaq təcridxanasında "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri olmuş Hacı Vəliyevlə görüşüb.
Vəkil bildirib ki, H.Vəliyev iyunun 23-də müəssisə rəisinin onu qəbul etdiyini, sonra ona nəsə sənədə imza atdırmaq istədiyini deyib. H.Vəliyevin əlavə etməsinə görə, mətn ilə tanış olanda bəlli olub ki, guya daxili intizam qaydalarını pozub və bunu könüllü etiraf edir.
A.Layıc bildirib ki, H.Vəliyev sənədi imzalamaqdan imtina edib: "Dərhal onu "karser"ə salıblar. 23-27 iyun tarixlərində karserdə saxlanılıb. Tural adlı gizir ona fiziki və mənəvi şiddət göstərib. Hacının başında iki dənə sıyrıq izi var. Özü qeyd etdi ki, Tural adlı gizir ona fiziki güc göstərərkən kafelə dəyərək əmələ gəlib. Hacı aclıq aksiyasının nəticəsi olaraq xeyli zəifləmişdi, demək olar ki, yeriyə bilmirdi".
H.Vəliyevin iyunun 21-dən həbsinə etiraz olaraq aclıq aksiyası keçirdiyi deyilir.
Müdafiə tərəfindən məsələ ilə bağlı Penitensiar Xidmətə və Ombudsman Aparatına müraciət olunduğu bildirilir.
Bütün bu məlumatlara Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Hacı Vəliyevin həbsdə işgəncəyə məruz qaldığı deyilir
"Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri olmuş Hacı Vəliyevin həbsdə işgəncəyə məruz qaldığı bildirilir.
Yaxınlarının bununla bağlı iyunun 27-də yaydığı məlumata görə, o, ailəsi ilə telefon əlaqəsi saxlayıb. Bildirildiyinə görə, baş nahiyəsindən xəsarət aldığını qeyd edən Hacı Vəliyev telefonda danışmaqda çətinlik çəkirmiş.
Yaxınları H.Vəliyevin taleyindən narahatdır.
Bu iddialara Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Xidmətdən, bir qayda olaraq, təcridxana və cəzaçəkmə müəssisələrində saxlanan şəxslərə işgəncə verilməsi ilə bağlı deyilənləri qəbul etmirlər.
H.Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq...) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.
O, bu il aprelin 1-də həbs edilib. İttihami qəbul etmir. Onun həbsindən sonra "Gənc Qazilər" İctimai Birliyinin fəaliyyətini dayandırdığı açıqlanıb. Bu barədə həmin qurum adından yayılan məlumatda qeyd olunub ki, son dövrlər yaranmış bir sıra obyektiv, subyektiv səbəblər, o cümlədən üzvlər arasında əlaqələrin zəifləməsini nəzərə alaraq, təşkilatın fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılıb: "Yekun nəticə olaraq, birliyin fəaliyyətinin bu mərhələdə dayandırılmasının daha məqsədəuyğun olduğu qənaətinə gəlmişik".
H.Vəliyev sosial şəbəkələrdə tənqid çıxışları ilə də tanınırdı. O, xüsusilə İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və ya həlak olanların ailələrinin problemlərini ictimailəşdirib.
"Gənc Qazilər" İB 2021-ci ildə "Qarabağ Qaziləri" İB-nin əsasında yaradılmışdı.
Vəkili Anar Məmmədli haqqında cinayət işinə xitam verilməsini istəyir, amma məhkəmə…

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM-in) rəhbəri, bir ildən çoxdur həbsdə olan Anar Məmmədlinin vəkili onun haqqında cinayət işinə xitam verilməsini istəyir. Vəkil Elçin Sadıqov bu barədə vəsatəti iyunun 30-da A.Məmmədlinin işi üzrə məhkəmənin hazırlıq iclasında təqdim edib.
A.Məmmədlinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, ictimai fəal Anar Abdulla ilə birlikdə mühakimə edilir.
Vəkil bildirib ki, cinayət işi əsassızdır, heç bir mötəbər sübut yoxdur və s.
Ancaq Aygün Qurbanovanın sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib. Hakimin fikrincə, cinayət işinə xitam verilməsinə əsas yoxdur.
A.Məmmədli və A.Abdullanın işi məhkəmə baxışına verilib. Məhkəmə baxışı iyulun 7-nə təyin olunub.
Xatırlatma
A.Məmmədli ötən il aprelin 29-dan həbsdədir. Ona qarşı öncə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülsə də, istintaqın sonunda qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. əlavə maddələrlə ittiham ağırlaşdırılıb. Həmin maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
A.Məmmədlinin işi üzrə istintaqın sonunda A.Abdulla da təqsirləndirilən şəxs kimi cəlb edilib və haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.
A.Məmmədli özünü təqsirli bilmir, siyasi sifarişlə həbs olunduğunu deyir.
SMDT rəhbəri daha öncə 2013-cü ilin sonlarında saxlanmışdı. O, həmin vaxt qanunsuz sahibkarlıq, vergidən yayınma və başqa ittihamlarla 5 il 6 ay azadlıqdan məhrum edilmişdi.
A.Məmmədli o zaman da ittihamları qəbul etməmişdi. Bir sıra yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanımışdı. SMDT rəhbəri 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılmışdı
Daha bir xatırlatma
Bütövlükdə götürəndə, 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Daha sonra onlardan bəzilərinin ittihamı daha bir neçə maddə ilə ağırlaşdırılıb. Söhbət külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırma və başqa ittihamlardan gedir. Amma onların hamısı bu ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyir.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 350 nəfərdən çox siyasi məhbus var.
Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir.
İran Evin həbsxanasında İsrailin hava zərbələrindən ölənlərin sayını açıqlayıb

Keçən həftə İsrailin Tehrandakı Evin həbsxanasına endirdiyi hava zərbələri nəticəsində onlarla əməkdaş, iki məhkum və bir mülki şəxs həlak olanlar arasındadır. Bu həbsxana uzun illərdir siyasi məhbuslar və dissidentlərin saxlanıldığı cəzaçəkmə müəssisəsi kimi tanınır.
Zərbələr nəticəsində ölənlərin sayı iyunun 29-da İranın məhkəmə sistemi tərəfindən açıqlanıb və insan haqları qrupları tərəfindən təsdiqlənib.
İranın ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir "Mizan" xəbər agentliyinə bildirib ki, həbsxana işçiləri, əsgərlər, məhbuslar və ziyarətə gələn ailə üzvləri də daxil olmaqla, azı 71 nəfər həlak olub.
Rəsmilər itkilərlə bağlı dəqiq detalları açıqlamasa da, Vaşinqtonda yerləşən "İranda İnsan Haqları Fəalları" təşkilatının məlumatına görə, həlak olanların azı 35-i həbsxana əməkdaşı, ikisi isə məhkum olub. Digər qurbanlar arasında həbsxananın yaxınlığından keçən bir şəxs və həbsdə olan həyat yoldaşının işi ilə bağlı hakimlə görüşə gəlmiş bir qadın da var. Bu barədə "The Associated Press" yazıb.
İsrail və İran arasında atəşkəsin əldə olunmasından bir gün əvvəl, iyunun 23-də baş verən hücumda Evin həbsxanasının bir neçə binası vurulub. Hüquq müdafiəçiləri bildirib ki, İran hökuməti Evin həbsxanasında saxlanılan məhkumları qorumaqla bağlı hüquqi öhdəliyə malik idi. Hücumdan sonra "təxliyə etməmək, tibbi yardım göstərməmək və ailələri məlumatlandırmamaq" ittihamları ilə Tehran rəsmiləri sərt şəkildə tənqid olunub. Ancaq ölkənin ədliyyə sisteminin sözçüsü yaralılardan bəzilərinin yerində müalicə edildiyini, digərlərinin isə xəstəxanalara aparıldığını bildirib.
İran daha əvvəl həbsxanada ölənlərin sayını açıqlamasa da, iyunun 28-də müxalifləri, həmçinin Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədini mühakimə edən baş prokuror Əli Qanaatkarın hücumda öldürüldüyünü təsdiqləyib.
İsrailin həbsxananı niyə hədəfə aldığı isə, hələlik, aydın deyil, lakin bu hücum, İsrail Müdafiə Nazirliyinin "Tehranın mərkəzində rejim obyektləri və hökumətin repressiya qurumları"na zərbələr endirdiyini bəyan etdiyi gündə baş verib.
Senator Qrem: Tramp Rusiyaya daha sərt sanksiyaları dəstəkləyir

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı yeni qanun layihəsinin irəli sürülməsini dəstəkləyib. Bunu təşəbbüsün müəllifi respublikaçı senator Lindsi Qrem ABC telekanalına müsahibəsində deyib.
"Dünən qolf oynayarkən prezident ilk dəfə mənə dedi ki, artıq qanun layihəsini irəli aparmağın vaxtıdır", - Qrem bildirib. Vurğulayıb ki, senatorlar Trampa Rusiya prezidenti Vladimir Putini Ukrayna üzrə danışıqlara məcbur etmək üçün bir alət təqdim edir.
Senator həmçinin qanun layihəsinin işləmə mexanizmi barədə danışıb. Onun sözlərinə görə, əgər bir ölkə Rusiyadan mal almağa davam edir və, eyni zamanda, Ukraynaya yardım göstərmirsə, həmin ölkənin ABŞ-yə ixracına 500 faiz rüsum tətbiq olunacaq. Belə ölkələrə nümunə olaraq senator Hindistan və Çini göstərib, çünki onlar Rusiyadan enerji resursları alaraq bununla da Rusiyanın müdafiə sektoruna dəstək verirlər.
Qrem əlavə edib ki, təşəbbüsü artıq 100 senatorun 84-ü dəstəkləyir. Sənədin müzakirəsi iyul fasiləsindən sonra — 7 iyuldan etibarən planlaşdırılır.
Daha əvvəl Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı ziddiyyətli fikirlər səsləndirib. Bu, onun sanksiyaları tətbiq etməyə hazır olması barədə bəyanatlardan tutmuş, Moskva və Kiyev arasında potensial danışıqlara mane olmamaq üçün bundan çəkinməklə bağlı fikirlərini əhatə edir.
"The Wall Street Journal" mənbələri isə bildirib ki, Ağ ev Qremi sözügedən qanun layihəsini yumşaltmağa məcbur etməyə çalışıb. Senatora sənədə istisnalar əlavə etmək təklif olunub ki, bu da Trampa sanksiyalara kimlərin və ya nələrin tabe olacağını seçmək imkanı versin. Bundan əlavə, senatora qanun layihəsinin mətnində "müəyyən edilməlidir" sözünü "müəyyən edilə bilər" ilə əvəz etməsi təklif olunub ki, bununla da göstərişlərin məcburi xarakteri aradan qalxsın.
Bakıda gəncin yerin çökməsi nəticəsində ölməsi ilə bağlı cinayət işi açılıb

Bakıda 28 yaşlı şəxsin kanalizasiya sularının axdığı kanala düşərək həlak olması ilə bağlı Baş Prokurorluqda cinayət işi açılıb.
Qurum iyunun 30-da bildirib ki, dörd gün əvvəl, saat 20:30-da 1997-ci il təvəllüdlü... Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Rəsmi açıqlamada həmin şəxsin meyitinin bir gün sonra tapıldığı vurğulanır: "Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Dövlət Su Ehtiyatları Agentliyinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb".
Hələlik, məsələyə Dövlət Su Ehtiyatları Agentliyi və həlak olan şəxsin yaxınlarından münasibət almaq mümkün olmayıb.
Həmin maddədə 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Rəsmi - Polis Ağdamda minaya düşüb

İyunun 30-da Ağdam rayon Polis Şöbəsinin əməkdaşının bu rayonun işğaldan azad edilmiş Papravənd kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət aldığı bildirilir.
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatında bildirilir.
"Zərərçəkmiş şəxsin sağ ayağı topuqdan amputasiya edilib. Faktla bağlı araşdırma aparılır", - məlumatda vurğulanır.
Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr sazişindən sonra ölkənin 70 civarında vətəndaşı minaya düşərək həlak olub, 300 civarında şəxs isə müxtəlif xəsarət alıblar. Onlar habelə əvvəl qeyd edirdilər ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritəsini vermir. Amma sonra Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri təhvil verilməsi əvəzi işğaldan azad edilən bir sıra rayonların minalanmış ərazilərin xəritələrinin alındığı bildirildi. Hərçənd sonra da Azərbaycan rəsmiləri bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğuladılar. Buna cavab olaraq da Ermənistan baş naziri dedi ki, onlar əllərində olan bütün xəritələri Azərbaycana veriblər.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etdi. Rusiyanın vasitəçiliyi ilə həmin il noyabrın 10-da Azərbaycan və Ermənistan arasında atəşkəs əldə edildi. 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində isə Bakı bütün ölkə ərazisində suverenliyi bərpa etdiyini açıqladı. Rəsmi Bakı bunu "antiterror tədbiri", Yerevan isə "etnik təmizləmə" adlandırdı. Ondan sonra bölgədən erməni əhali Ermənistana köç etdi.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu ilin martında saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.
Avropa Parlamentinin üzvləri Azərbaycan rəsmilərinə sanksiyalar istəyirlər

Avropa Parlamentində Azərbaycanda jurnalistlərə, fəallara qarşı siyasi motivli məhkəmələr çərçivəsində çıxarılan qərarları pisləyən birgə bəyanat qəbul olunub. Parlamentin İnsan Hüquqları Alt komitəsinin sədri, deputat Munir Saturi, Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin sədri, deputat Nils Uşakovs və Azərbaycan üzrə daimi məruzəçi, deputat Dan Barna Azərbaycanda siyasi motivli işlər üzrə jurnalistlərə, tədqiqatçılara və vətəndaş cəmiyyəti fəallarına qarşı sərt həbs cəzalarının verilməsi ilə bağlı narahatlıqlarını bildiriblər.
"Son günlər Azərbaycanda siyasi motivli işlərdə jurnalistlərə, tədqiqatçılara və fəallara verilən son dərəcə ağır həbs cəzaları bizi dəhşətə gətirir. Onların heç biri - eləcə də ölkədəki digər siyasi məhbuslar, - ümumiyyətlə, təqib olunmamalı idi. Lakin bu qeyri-adi dərəcədə ağır cəzalar hakimiyyət tənqidçilərinə qarşı Azərbaycanda davam edən repressiyanın daha da gücləndiyini göstərir", - bəyanatda deyilir.
Avropalı parlamentarilər "AbzasMedia"nın həbsdə olan əməkdaşları Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, fəal Məhəmməd Kekalov, AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə, talış tarixçi və etnoqraf İqbal Əbilov, müxalif fəal Tofiq Yaqublu, siyasi tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun azadlıqdan məhrum edilməsi ilə bağlı çıxarılan məhkəmə hökmlərini xatırladıblar.
Birgə bəyanatda Aİ-nin Qlobal İnsan Hüquqları Sanksiya Rejimi çərçivəsində məsul Azərbaycan rəsmilərinə qarşı sanksiyaların tətbiqinə dair çağırış edilir: "Biz (Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə) ali nümayəndəni, (Avropa Komissiyasının) vitse-prezidenti və Avropa Xarici Fəaliyyət Xidmətini mövcud yolda rejimi cəsarətləndirəcək hər hansı addımdan qaçınmağa çağırırıq. Xatırladırıq ki, Parlament dəfələrlə Aİ ilə Azərbaycan arasında gələcək tərəfdaşlıq sazişi üçün bütün siyasi məhbusların azadlığa buraxılması və ölkədə insan haqları ilə bağlı durumun yaxşılaşdırılması şərtlərinin qoyulmasını tələb edib".
Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinə yenidən zərbələr endirib, ölənlər var

Rusiya qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətinin Samara (keçmiş Novomoskovsk) şəhərinə raket zərbəsi endirib. Bu barədə vilayət administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, raket zərbəsi nəticəsində azı 5 nəfər ölüb, 20-dən çox yaralı var.
O əlavə edib ki, iyunun 24-də vilayətin Dnepr şəhərinə endirilən hava zərbələri nəticəsində həlak olanların sayı 21 nəfərə çatıb.
Ukrayna rəsmiləri bildirir ki, iyunun 27-i gecə saatlarında Rusiya qüvvələri Kiyev, Xarkov, Sumi və Xmelnitsk vilayətlərinə də hava zərbələri və dron hücumu edib.
Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb ki, Rusiyanın 363 dronundan 211-i məhv edilib, daha 148 dron isə radarlardan itib və hədəflərinə çatmayıb.
Bundan əlavə, Ukraynaya doğru səkkiz qanadlı və ballistik raket atıldığı, onlardan altısının vurulduğu qeyd olunub.